CƏMİYYƏT


Qəbələ Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edilib

Bakı, 18 fevral, AZƏRTAC 

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri əvvəlcə xəstəxananı gəzərək orada yaradılan şəraitlə tanış olublar. Xəstəxananın baş həkimi Sabir Bayramov bildirib ki, 8 şöbəsi olan 160 çarpayılıq rayon mərkəzi xəstəxanasında 120 həkim, 365 orta tibb işçisi çalışır. Bununla yanaşı, rayonda 12 həkim məntəqəsi, 1 qəsəbə xəstəxanası fəaliyyət göstərir.

Qəbələ rayonu turistik ərazi olduğu üçün xəstəxananın yeni binasının tikintisi üçün 5 hektara yaxın sahə ayrılıb. Altımərtəbəli yeni xəstəxana binasının 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Mediatur zamanı KİV nümayəndələrinə bölgələrdəki xəstəxanaların 2020-ci ildən etibarən problemsiz icbari tibbi sığorta sisteminə keçidi üçün geniş imkanların yaradılacağı barədə məlumat verilib.

Rayonda xəstəxana ilə yanaşı Qəbələ Rayon Müalicə Diaqnostika Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin baş həkimi Ceyhun Əhmədov 2008-ci ildə istifadəyə verilən mərkəz barədə KİV nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, mərkəzdə 4 cərrahi əməliyyat bloku mövcuddur. Onlardan biri yalnız hepatitli xəstələr üçün ayrılıb. O biri lor xəstəlikləri, digər ikisi isə ümumi cərrahi prosedurların gerçəkləşdirilməsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.