ELM VƏ TƏHSİL
BSU-nun müəlliminin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub
Bakı, 25 fevral, AZƏRTAC
Venesuela Respublikasının “Universidad del Zulian” nəşriyyatının çap etdiyi və “Skopus” seriyasından olan “Opsion” jurnalında Bakı Slavyan Universitetinin (BSU) azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədovun “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə təhlükəsizlik arxitekturasına yeni təhdidlər: çağırışlar və cavablar” sərlövhəli məqaləsi dərc olunub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, jurnalın 17 səhifəsini tutan məqalədə beynəlxalq təhlükəsizliyə yönələn təhdidlər və transsərhəd təhlükələri tədqiq edilib. Müəllif öz fikir və düşüncələrini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi prizmasından araşdırıb, münaqişənin ədalətli həllinin dünyada baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini qeyd edib.
Sadir Məmmədov “böyük Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqlarının yürütdüyü siyasətin dünyada terrorizm və ekstremizmə yol açdığını, bu cür cinayətlərin qarşısının vaxtında alınmadığı təqdirdə beynəlxalq aləmdə sülhü və əmin-amanlığı qorumağın mümkün olmayacağını diqqətə çatdırır. Müəllif, həmçinin İŞİD terror qruplaşmasının, Rusiya-Ukrayna münasibətlərinin qanlı məcraya yönəlməsinin mahiyyətini beynəlxalq hüquq nöqteyi-nəzərindən təhlil edib və qiymətləndirib. O, bir çox münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin zaman-zaman uzanmasının səbəblərindən biri kimi dünyada ikili standartların mövcudluğunu göstərib.