ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində “PETRA” layihəsi çərçivəsində təlimlər təşkil edilib
Bakı, 5 mart, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) təlim-tədris mərkəzində Avropa İttifaqının “Erasmus+” proqramının “PETRA” (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində təlimlər təşkil olunub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, ilk təlim Almaniyanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Alman Akademik Mübadilə Xidmətinin dil asisstenti Rusudan Abşilava tərəfindən keçirilib. Alman musiqisinə həsr olunmuş təlimdə BSU-da alman dili ixtisası üzrə təhsil alan tələbələr və alman dilinin tədrisi ilə məşğul olan müəllimlər iştirak ediblər.
Təlim-tədris mərkəzində martın 4-də təşkil olunmuş təlimi isə Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul nümayəndəsi, “Campus France”ın rəhbəri Morin Raab aparıb. Təlimdə BSU-da fransız dili ixtisası üzrə təhsil alan tələbələrə Fransada bakalavr, magistr və doktorant pilləsində təhsil barədə məlumat verilib.