ELM VƏ TƏHSİL


AMEA-nın Şərqşünaslıq İnstitutunda “Elm günü” qeyd olunub

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart – “Elm günü”nə həsr olunan yığıncaq keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə respublikada “Elm günü”nün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu söyləyib.

G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini deyib.

O, Ulu Öndərin 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb, Ümummilli Liderin həmin görüşdə söylədiyi fikri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Gövhər Baxşəliyeva bildirib ki, ötən ilin sonunda 60 yaşını qeyd edən Şərqşünaslıq İnstitutu bu illər ərzində elmimizə böyük töhfələr verib, burada akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəbləri yaranıb. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır.

Direktor ötən ilin noyabrında Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildiyini söyləyib, bütün bunların bütövlükdə elm müəssisəsinin kollektivinin səmərəli fəaliyyətinə ölkə rəhbəri tərəfindən verilən yüksək qiymət olduğunu deyib.

Tədbirdə tarix üzrə fəlsəfə doktorları Səməd Bayramzadə, Sübhan Talıblı, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü və başqaları çıxış edərək Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıb, kollektivin əzmlə, böyük həvəslə çalışaraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.