ELM VƏ TƏHSİL


BSU-da Aprel döyüşlərinin üçüncü ildönümü qeyd edilib

Bakı, 4 aprel, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) pedaqoji fakültənin və ibtidai təhsil kafedrasının təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ibtidai təhsil kafedrasının dosenti Şüküfə Ağakişiyeva çıxış edərək tədbirin tələbələri Aprel döyüşləri barədə maarifləndirmək məqsədilə keçirildiyini vurğulayıb.

Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova “Aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi" mövzusunda tələbələr qarşısında məruzə ilə çıxış edib. Aida Şirinova Aprel zəfərini Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi adlandırıb. O bildirib ki, bu döyüş erməni əsgərlərini həm də psixoloji duruma salaraq Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, xalqın mübarizə ruhunu yenidən oyadıb, qələbə əzmini daha da gücləndirib.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, dosent İlhamə Qəsəbova “Dördgünlük müharibə - Aprel döyüşləri" mövzusunda çıxış edərək deyib: “Bu müharibə Azərbaycan Ordusunun qüdrətini, yüksək döyüş hazırlığını bir daha sübut etdi. Cəmi dörd gün davam edən döyüş göstərdi ki, Ali Baş Komandanın bir əmri bəs edir ki, torpaqlarımızı düşməndən azad edək”. İ.Qəsəbova Azərbaycan qadınının müharibədə kişilərlə çiyin-çiyinə döyüşdüyünü bildirərək Kişi Tavadın, milli qəhrəmanlar Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın, döyüşçülər Qaratel Hacımahmudovanın, Vəfa Dəmirçioğlunun, Kəmalə Qəhrəmanovanın, Aida Şirinovanın keçdiyi döyüş yollarından danışıb. Qeyd edib ki, Aida Şirinova Azərbaycanın hərb tarixində ilk hərbçi qadındır ki, batalyon komandirinin müavini vəzifəsinə yüksəlib.

BSU-nun ibtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova çıxışında Aprel döyüşlərinin qürur tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb.

Tədbir diskussiya şəklində davam edib, tələbələrin sualları cavablandırıb.

Daha sonra Aida Şirinovanın döyüş yolunu əks etdirən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.