ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyində “Kreativ mühafizəkarlar” adlı məktəblərarası viktorina keçirilib

Bakı, 18 aprel, Nəriman Həsənov, AZƏRTAC

Aprelin 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Kreativ mühafizəkarlar” adlı məktəblərarası viktorina keçirilib.

AZƏRTAC xəbər verir ki, 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan viktorina Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Viktorinanın aparıcısı Ləman Musayeva iştirakçıları qaydalarla tanış edib. Bildirib ki, viktorinada Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin “Turan” klubu, Xətai rayonu 17 nömrəli tam orta məktəbin “Mübariz” klubu və akademik Zərifə Əliyeva adına liseyin “Tarixi-aləmarayi” klubunun üzvləri iştirak ediblər. Viktorinanın münsiflər heyəti muzeyin əməkdaşlarından - tarix üzrə fəlsəfə doktorları, dosentlər Sevinc Vahabova, Gülzadə Abdulova, Aygün Məmmədova və elmi işçi Laçın Mustafayevdən ibarət olub.

Ləman Musayeva bildirib ki, viktorinanın məqsədi məktəb-muzey inteqrasiyasını genişləndirmək, şagirdlərin tariximizə, irsimizə, maddi-mədəniyyət abidələrimizə olan diqqət və qayğısını artırmaqdır. Həmçinin Vətənimizin tarixi incilərini məktəblilərə əyani şəkildə nümayiş etdirməklə, ona olan heyranlıq və sevgini təmin etməkdir. Viktorina dövlət təhsil proqramına və muzey nəşrləri ilə muzey ekspozisiyasına əsaslanır. Eyni zamanda, elmin populyarlığına xidmət edən bu tədbir maarifləndirici, əyləndirici və milli irsimizin təbliğatı xarakterini daşıyır.

Sonra 6 bölmədən (tarixi memarlıq abidələri və şəhərlər, tarixi hadisələr, silah və əsləhələr, etnoqrafiya, arxeologiya və numizmatika) və 2 turdan ibarət viktorina keçirilib. Bakı şəhəri Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin “Turan” klubu I yerə layiq görülüb. Musiqi istedadı olan şagirdlərin ifasında bədii hissə də nümayiş olunub.

Sonda muzeyin direktoru, akademik Nailə Vəlixanlı tərəfindən viktorinada iştirak edən komandalara sertifikatlar, muzeyin elmi nəşrləri və birinci yer tutan “Turan” komandasına muzeyin illik ailə bileti təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.