ELM VƏ TƏHSİL
“Nəsimi ili” uşaqların gözü ilə” mövzusunda açıq dərs
Bakı, 18 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir şəhər 2 nömrəli məktəb-liseyin ibtidai sinif şagirdləri üçün “Nəsimi ili” uşaqların gözü ilə” mövzusunda açıq dərs keçirilib. Əvvəlcə qonaqlar muzeyin ekspozisiyası və Nəsimi guşəsi ilə tanış olublar.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında məlumat verib. O, şairin yaradıcılığının dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyət daşıdığını, böyük mütəfəkkirin 650 il əvvəl yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərlərinin ana dilimizi və bədii sözümüzü zirvələrə qaldırdığını söyləyib.
Y.Bahadurqızı dövlətimiz tərəfindən Nəsimi irsinin layiqincə qiymətləndirildiyini qeyd edib, şairin yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsi kimi dəyərləndirib.
Y.Bahadurqızı məktəblilərin milli-mənəvi dəyərlərimizi və klassik irsimizi mənimsəmələri baxımından açıq dərsin əhəmiyyətini qeyd edib.
Məktəbin ibtidai sinif müəllimi Arzu Həsənova bildirib ki, bu gün cəbhədə döyüşən əsgərlərimizin mübarizliyində, elm-təhsil sahəsində dünya səviyyəsinə çıxan gənclərimizin əzmində, eləcə də sosial-iqtisadi inkişafımız üçün qüvvə və bacarıqlarını ortaya qoyan Azərbaycan ziyalılarının iradəsində Nəsiminin rəşadəti var. O, filosof şair Nəsimini şagirdlərə ibtidai sinifdən sevdirməyin və tədris etməyin vacibliyini qeyd edib.
Daha sonra şagirdlər Nəsiminin Azərbaycan dili və ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb, şairin qəzəllərindən nümunələr söyləyiblər.