REGİONLAR
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
Qazax, 22 aprel, Rauf Hacıyev, AZƏRTAC
Ermənistanla 168 kilometrlik sərhəddə yerləşən Qazax rayonunun həmsərhəd beş yaşayış məntəqəsindən biri olan Məzəm kəndində istinad divarları çəkilir.
Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Məzəm kəndi daim erməni silahlı birləşmələrinin atəşi altındadır.
Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. Dörd nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. Kənd sakini Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qeyd edilib ki, sərhəddə yaşayan həmin sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması məqsədilə atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən 57 evin qarşısına 2530 paqonmetr uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, vətəndaşların xahişi nəzərə alınaraq, daha 5 evin qarşısına 88 paqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.
Xatırladaq ki, rayonun Bağanıs Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri 25 ildən çoxdur erməni işğalı altındadır.