DÜNYA


Yaponiya Şimali Koreya və Rusiyaya münasibətdə ifadə tərzini dəyişir

Tokio, 23 aprel, AZƏRTAC 

Yaponiya hökuməti Şimali Koreyaya qarşı “maksimum təzyiq”in tətbiqi və Rusiyanın nəzarətində olan adalar qrupuna görə bu ölkəyə qarşı iddialarında mövqeyini yumşaldır.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Yaponiya Xarici İşlər Nazirliyinin aprelin 23-də dərc olunan xarici siyasət hesabatında yer alıb.

Qeyd edilir ki, Rusiya və Şimali Koreya ilə diplomatik gərginliyi aradan qaldırmağa çalışan Baş nazir Şinzo Abe hakimiyyətdə olduğu dövrdə bu ölkələrlə davam edən uzunmüddətli problemləri həll etməyə çalışır.

Bununla yanaşı, Xarici İşlər Nazirliyinin 2019-cu il üzrə “Diplomatiya barədə göy kitab”ında bəyan edilir ki, Şimali Koreya beynəlxalq ictimaiyyətin davamlı təzyiqlərinə baxmayaraq, öz nüvə silahından və ballistik raketlərdən imtina etmək üçün heç bir addım atmayıb. Eyni zamanda, nazirlik 2018-ci ildəki hesabatdan fərqli olaraq, daha yumşaq ifadə tərzi seçib. Yaponiya hökuməti bununla Şimali Koreya tərəfindən 1970-80-ci illərdə oğurlanmış vətəndaşları ilə bağlı müəyyən irəliləyişə nail olacağına ümid bəsləyir.

Sənəddə, həmçinin Rusiya barədə müəyyən yumşalmalara yol verilib. Belə ki, 2019-cu il hesabatında Tokio və Moskvanın Ş.Abenin və V.Putinin “güclü rəhbərlikləri” altında ərazi mübahisəsinin həlli istiqamətində işlədiyi qeyd edilir.

Mübahisənin tarixi barədə məlumat verən agentlik bildirir ki, onun kökləri Sovet İttifaqı tərəfindən Yaponiyada şimal torpaqları, Rusiyada isə Cənubi Kuril adaları adlandırılan ərazinin 1945-ci ildə Yaponiyanın II Dünya müharibəsində məğlubiyyətindən sonra işğal edilməsinə gedib çıxır. Bu mübahisə iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün əsas maneə olaraq qalır.

Ş.Abeyə yaxın mənbələrin məlumatına görə, Baş nazir həmin adalardan heç olmasa ikisinin qaytarılmasını təmin etməyə çalışır. Bu, baş tutacağı təqdirdə onun hakimiyyətdə olduğu 2012-2021-ci illər ərzində qazandığı ən böyük siyasi uğurlardan biri kimi qiymətləndiriləcək.

Cənubi Koreya ilə bağlı isə sənəddə qeyd edilir ki, ikitərəfli münasibətlər “fövqəladə dərəcədə gərgin vəziyyətdədir”. Belə ki, iki ölkə arasında 1910-1945-ci illərdə Koreya yarımadası Yaponiya müstəmləkəsi olan dövrdə koreyalı fəhlələrə kompensasiya ödənilməsi məsələsi də daxil olmaqla, gərgin fikir ayrılığı özünü göstərməkdə davam edir.

Ötən ilin oktyabrında Cənubi Koreya məhkəməsi yapon şirkətinin həmin fəhlələrə kompensasiya ödəməsi barədə hökm çıxarıb. Lakin Yaponiya tərəfi iki ölkə arasında 1965-ci ildə imzalanmış müqaviləni əsas götürərək bundan imtina edir.

İki ölkə arasında gərginlik ötən ilin dekabrında Cənubi Koreyaya məxsus hərbi gəminin atəş radarını yapon patrul təyyarəsinə yönəltdyinə görə yenidən artıb.

Hesabatda Yaponiya-ABŞ münasibətlərinə də toxunulub. Qeyd olunur ki, bu ölkələr arasında ittifaq Ş.Abe və D.Trampın müntəzəm danışıqları fonunda xeyli möhkəmlənib və “indiyə qədər görünməyən həddə” çatıb.

Sənəddə Çin ilə münasibətlərə də geniş yer verilib. Bildirilib ki, Çin ilə əlaqələr Şərqi Çin dənizində Yaponiyanın nəzarəti altında olan və Pekinin iddia etdiyi adalara, həmçinin tarixə baxışda müxtəlif mövqelərə görə müəyyən qədər gərginləşsə də, hazırda normal axara yönəlib və daha da yaxşılaşa bilər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.