ELM VƏ TƏHSİL
Slavyan Universitetində milli suverenlik və uşaq bayramı qeyd olunub
Bakı, 25 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) ölkəşünaslıq klubunun təşkilatçılığı ilə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tərcümə fakültəsinin dekan müavini Leyla Musayeva bayramın tarixi barədə məlumat verib. O, bu bayramın təkcə Türkiyədə deyil, dünyanın müxtəlif yerlərində keçirildiyini bildirib. Leyla Musayeva ən böyük məqsədin uşaqların və gənclərin gözəl gələcəyini təmin etmək olduğunu vurğulayıb.
Sonra söz gənclərə verilib. Tərcümə fakültəsinin II kurs tələbəsi Vüsalə Quliyeva, BSU-nun nəzdində məktəb-lisey kompleksinin şagirdləri Ruzi Əliyev, Xuraman Əliyeva vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Tərcümə fakültəsinin tələbəsi Aytac Məhərrəmova təqdimatla çıxış edib, Azərbaycan filologiyası və xarici dil müəllimliyi fakültəsinin müəllimi Fidan Rəhimli gənclik haqqında mahnı oxuyub.