CƏMİYYƏT
Miqrasiyanı daha səmərəli idarə etmək üçün seminar keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30–dan mayın 1-dək Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) Azərbaycan dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə beynəlxalq miqrasiya hüququna dair iki günlük seminar keçirir.
BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, seminar qurumun 2016-cı ildən Azərbaycan hökuməti ilə əməkdaşlıqda ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində təşkil olunur.
Layihə Azərbaycan hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dəstəkləmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə vermək məqsədi daşıyır.
Seminarda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Elçin Xələfov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qjorjiyev və ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Kristina Sinğ çıxış ediblər.
Elçin Xələfov BMqT ilə əməkdaşlığa böyük önəm verildiyini, təşkilatın təlim və seminarları vasitəsilə yerli hakim və vəkillərə təlim keçmək üçün təlimçilərin hazırlandığını qeyd edib.
Kristina Sinğ Birləşmiş Ştatların şərq və qərbin kəsişməsində mühüm coğrafi və siyasi mövqeyə malik olan Azərbaycanın dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini və bu layihənin məqsədinin miqrasiyanı daha səmərəli və beynəlxalq qanunlara müvafiq olaraq idarə etmək üçün hökumətə beynəlxalq miqrasiya hüququna uyğun olan miqrasiya siyasəti və qanunvericiliyi formalaşdırmaqda dəstək vermək olduğunu qeyd edib.
V.Qjorjiyev çıxışında miqrantların hüquqları və dövlətlərin bu sahədə öhdəliyindən söhbət açıb.
Seminarda Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin 30 yaxın nümayəndəsi, on nəfər xarici ekspertlər iştirak edirlər.