CƏMİYYƏT
Hacı Ramin İgidov: Bəzi qüvvələr Gürcüstanla Azərbaycan arasında süni problem yaratmağa çalışırlar

Tbilisi, 6 may, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasında mübahisəli ərazidə yerləşən “Keşikçidağ” (və ya “David Qareci”) məbədi ətrafında son günlər yaranmış vəziyyət Gürcüstanda yaşayan din xadimlərini də narahat edib.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov AZƏRTAC-a müsahibəsində deyib ki, bəzi siyasətçilərin məsələyə məsuliyyətsiz yanaşması təəssüf doğurur. Onlar əslində bu yolla iki dost və qardaş ölkə arasındakı münasibətləri pozmağa çalışırlar.
O bildirib ki, sovet hökuməti dövründən iki qonşu dövlət arasında sərhədlərin dəqiqləşməməsi indi mübahisələrə səbəb olub. Bu gün bəzi qüvvələr də bundan sui-istifadə edərək aranı qızışdırmağa çalışırlar. Bəzi qüvvələr diqqəti əsas məsələlərdən yayındırmaq və bölgədə vəziyyəti daha da gərginləşdirmək üçün süni problem yaratmağa çalışırlar. Təəssüf ki, Gürcüstanın bəzi siyasi xadimləri və din xadimləri də məsələ ilə əlaqədar düşünülməmiş çıxışlar edirlər. Emosiyalara qapılaraq edilən məsuliyyətsiz çıxışlar xalqlarımız və dövlətlərimiz arasındakı isti münasibətə mənfi təsir edə bilər. Ona görə də bu məsələdə son dərəcə həssas olmalı, hisslərə toxunan sözlərdən çəkinməliyik. Biz din xadimləri çalışmalıyıq ki, məsələ gərginləşməsin.
GMİ sədri məsələnin müştərək komissiyanın qərarı ilə, Gürcüstan ilə Azərbaycan arasında mehriban dostluğa və strateji tərəfdaşlığa uyğun olaraq həllini tapacağına ümidvar olduğunu bildirib və ictimaiyyəti bir daha səbirli olmağa dəvət edib.
O, sonda dünya müsəlmanlarını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib, hər iki qonşu ölkənin və dünyanın sülh, əmin-amanlıq şəraitində yaşaması üçün dualar edib.
Qeyd edək ki, R.İgidov məsələ ilə əlaqədar mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran suallara aydınlıq gətirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi