ELM VƏ TƏHSİL
BSU-da “Havalansın xanın səsi” adlı esse müsabiqəsinə yekun vurulub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsi Şuşanın ermənilər tərəfindən işğalının 27-ci ildönümünə həsr edilmiş tədbir təşkil edib. Tədbirin əvvəlində Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev Şuşanın tarixi haqqında iştirakçıları məlumatlandırıb.
Tədbirdə çıxış edən Azərbaycan dilinin tədrisi metodikası kafedrasının müdiri, dosent Səməngül Qafarova Şuşanı Azərbaycanın tacı, qürur mənbəyi, mədəniyyət beşiyi kimi dəyərləndirib.
Sonra III kurs tələbələri Elxan Həsənov və Şəmil Qurbanov Şuşa ilə bağlı şeirlər oxuyublar. Azərbaycan filologiyası və jurnalistika fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Laləzar Hüseynova Şuşanın ermənilər tərəfindən işğalının 27-ci ildönümü ərəfəsində tələbələr arasında keçirilmiş “Havalansın xanın səsi” adlı esse müsabiqəsi barədə iştirakçılara məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycan filologiyası və jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi, Aprel döyüşlərinin iştirakçısı Elvin Həşimov öz cəbhə xatirələrini bölüşüb.
Sonra esse müsabiqəsinin I yer üzrə qalibi Səma Bayramlı, II yerin qalibi Nuray Babayeva, III yerin qalibi Sevda Əhmədova fakültə dekanı Eldar Piriyev tərəfindən diplomlarla təltif edilib.
Tədbir “Şuşa dünən və bu gün” adlı videoçarxın nümayişi ilə başa çatıb.