DÜNYA


İsveç yollarında ilk özünü idarə edən elektrik yük maşınları hərəkət etməyə başlayıb

Stokholm, 15 may, AZƏRTAC

İsveçin ümumi istifadədə olan avtomobil yollarında ilk özünü idarə edən elektrik yük maşınları hərəkət etməyə başlayıb.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, mayın 15-də İsveç sürücüləri ümumi istifadədə olan avtomobil yollarında yerli startap - “Einride” şirkətinin istehsalı olan “T-Pod” markalı sürücüsüz hərəkət edən elektrik yük maşını ilə qarşılaşıblar. "DB Schenker" logistika şirkəti tərəfindən əldə olunan maşından şəhərin sənaye zonasında - Yençepinqdə istifadə olunacaq. Çəkisi 26 ton olan elektrik yük maşını daşıma işlərinə cəlb olunacaq.

Sürücü kabinəsi olmadığına görə maşının ekzotik görkəmi var. O, elektrik mühərrikləri ilə hərəkət edir. İstehsalçı şirkətdən bildiriblər ki, bütün bunlar avtomobil daşımalarının istismar xərclərini dizel yanacağı ilə işləyən ənənəvi yük maşınları ilə müqayisədə 60 faiz azaldır.

Dördüncü nəsil özünüidarəetmə sistemi ilə təchiz edilmiş maşın real zaman rejimində vizual məlumatların emalı üçün “Nvidia Drive” platformasından istifadə edir. Maşın uzaq məsafədə oturan operator tərəfindən də idarə oluna bilər. “Einride” şirkətindən bildiriblər ki, bir operator eyni vaxtda təqribən 10 belə maşına nəzarət edə bilər.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.