ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir
Bakı, 16 may, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə hüquq üzrə fəlsəfə doktoru, dosent Sadir Məmmədov narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin vacibliyindən və respublikamızda bu sahədə görülən işlərdən danışıb. O, həyatının böyük bir hissəsinin bu bəlaya qarşı mübarizəyə həsr etdiyini söyləyib.
Sadir Məmmədov narkotiklərə qarşı mübarizədə profilaktik tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib, həmçinin narkotikin mənşəyi, narkomaniya xəstəliyinin tarixi barədə danışıb. Bildirib ki, narkomaniya cəmiyyətdə ciddi fəsadlar törədir. Narkotik vasitələr çox qədim zamanlardan insanların müalicə məqsədilə istifadə etdikləri bir vasitə olub. Ancaq cəmiyyət inkişaf etdikcə məlum olub ki, bütün bunlar insan sağlamlığı üçün çox zərərli və təhlükəlidir. Buna görə onlardan istifadə qanunla qadağan edilib. Vurğulanıb ki, tərkibində narkotik-kofein olan energetik içkilər də ciddi fəsadlar törətdir, insan sağlamlığına çox böyük ziyan vurur.
Sadir Məmmədov gəncləri narkotik vasitələrdən, digər zərərli vərdişlərdən uzaq durmağa səsləyib.