MƏDƏNİYYƏT


Nə yaxşı görüşdük, nə yaxşı yenə...

Bakı, 16 may, AZƏRTAC 

Mayın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair, tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rzanın anadan olmasının 80 illiyinə həsr olunmuş “Nə yaxşı görüşdük, nə yaxşı yenə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə tanınmış şairin ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun bu yubileyə ünvanladığı məktubu birliyin sədr müavini Həbib Misirov oxuyub.

Tədbirdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək tələbəlik yoldaşı Ənvər Rza ilə bağlı xatirələrini bölüşüb, onun gözəl şairlik qabiliyyəti ilə yanaşı, tərcüməçilik, alimlik fəaliyyətini diqqətə çatdırıb. Bildirilib ki, 48 il ömür yaşamasına baxmayaraq, o, zəngin yaradıcılığı ilə qəlblərdə daim yaşayacaq.

Tədbirdə həkim Əli İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları çıxış edərək şairin həyat və yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Ənvər Rza bütün varlığı ilə Vətənə, yurda, insanlara bağlı olduğu kimi, gülə-çiçəyə, təbiətə ürəkdən bağlı idi. Onun ömrü çox insanlara örnək idi. O, qayğısını və köməyini heç kimdən əsirgəməz, adı gələndə, böyükdən-kiçiyə hamı ona məhəbbət bəsləyirdi.

Qeyd edilib ki, Ənvər Rzayev 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Binə kəndində dünyaya gəlib. Uşaqlıq illəri Böyük Vətən müharibəsi dövrünə təsadüf edən Ənvər ailədə ən kiçik uşaq olub. Sağlığında iki, ölümündən sonra isə bir kitabı nəşr olunub. O, Şelli, Bayron, Lonq Sellon və Şeksprin bəzi əsərlərini orijinaldan dilimizə çevirib. Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şerini də ingilis dilinə məhz şair-tərcüməçi Ənvər Rza tərcümə edib. Ancaq təəssüf ki, amansız ölüm onu tez haqlayıb, 1987-ci ildə haqq dünyasına qovuşub.

Hamımızın illərlə sevə-sevə qulaq asdığımız “Elə baxma, gözlərinə göz dəyər” məşhur mahnının sözləri də məhz Ənvər Rzaya məxsusdur.

Vurğulanıb ki, Ənvər Rzanın hər hansı bir şerinə nəzər salsaq görərik ki, bir şair kimi hər cümləsinin, hər bir sözünün məsuliyyətini daşıyır, sanki, dahi bir rəssam kətan üzərində heyrətli bir əsər yaradıb. Onun şerlərində hər bir hadisəni qədərincə dərk edirsən.

Tədbirdə, həmçinin şairin şeirləri oxunub, sözlərinə yazılmış mahnılar səsləndirilib.

Sonda mərhum şairin oğlu Pərviz Rzayev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.