CƏMİYYƏT


Milli Oftalmologiya Mərkəzində buynuz qişanın transplantasiyası əməliyyatının icra olunması ilə bağlı təqdimat keçiriləcək

Bakı, 20 may, AZƏRTAC

Mayın 22-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın transplantasiyası cərrahi əməliyyatının icra olunması ilə bağlı təqdimat keçiriləcək.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, bu tibb ocağında növbəti dəfə keratoplastika əməliyyatları həyata keçirilib. Üç gün ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrahları Fərəh Abduləliyeva, Cəmil Həsənov, Emil Hüseynov və Fidan Ağayeva tərəfindən 22 uğurlu buynuz qişanın transplantasiyası əməliyyatı icra olunub. İlk növbədə, buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb. Hətta ilk dəfə respublikanın regionlarında – akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib. Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb. Növbəti buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı 22 nəfər imtiyazlı xəstə üzərində icra olunacaq. Bu əməliyyatlar Prezident İlham Əliyevin ölkəmizdə tibb sahəsinin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində həyata keçirilir.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər, tədbirlər dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Mərkəzin Gəncə və Masallı filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. 2005-ci ildən mərkəzin Avtomobil Səyyar Klinikası mütəmadi olaraq respublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.