REGİONLAR


Gənclərin şəkərli diabet xəstələri üçün təklif etdiyi “Dia-dondurma” layihəsi startap günlərində qalib gəlib

Gəncə, 22 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə fəaliyyət göstərən universitetlər üzrə keçirilən “Gəncə-Startap Günləri-2019” başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN innoland”, “Startap Azərbaycan”, Azərbaycan Beynəlxalq Bankı, SİNAM şirkətlərinin təşkilatçılığı ilə Aqrar Universitetdə keçirilən startap günləri çərçivəsində Gəncə Dövlət Universitetinin tələbələrinin təqdim etdiyi “Dia-Dondurma” – diyetik (şəkərsiz) dondurma layihəsi yarışmanın qalibi olub.

Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov layihənin qalibləri ilə görüşüb. Görüşdə Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə, İnnovasiyalar departamentinin rəhbəri Vasif Həsənov, Biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev də iştirak edib.

Qeyd olunub ki, son dövrlər Gəncə Dövlət Universitetində də innovasiya və startap mövzularına xüsusi diqqət ayrılır və bu sahənin inkişafı üçün mütəmadi olaraq təlimlər, seminarlar və yarışlar təşkil edilir. Bunun nəticəsidir ki, “Gəncə-Startap Günləri-2019”da iştirak edən Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət startap komandası müasir dövrdə ən geniş yayılmış xəstəliklərdən olan şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün “Dia-Dondurma” – diyetik (şəkərsiz) dondurma layihəsini təqdim edib və layihə 1-ci yerə layiq görülüb.

Rektor Yusif Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirilib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılır. Rektor gənclərin bu istiqamətdəki fəaliyyətinin daha da genişləndirilməsinin və daha çox tələbənin innovativ yaradıcılıqla məşğul olmasının zəruriliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.