CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi istiqamətində tədbirləri davam etdirir

Bakı, 22 may, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasının, torpağın, suyun, Xəzər dənizinin mühafizəsi, meşələrin inkişafı, biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə bağlı müvafiq işlər görür. Hazırda əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir ki, onların təmizlənməsi istiqamətində tədbirlər həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportunun ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur. Çirklənmiş ərazilərin qiymətləndirilməsi, inventarlaşması işləri aparılır.

Meşə sahələri artırılır, açıq sahələrdə aqrobağlar salınır, tez böyüyən ağac plantasiyaları yaradılır, kənd təsərrüfatına yararlı torpaq sahələrinin kənd təsərrüfatına təyinatı üçün istifadə olunması işləri görülür, yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb. Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün hazırlanan proqram əsasında magistral avtomobil yollarının kənarlarında aqrobağlar salınır, ağacəkmə aksiyaları keçirilir, əhaliyə ağac tingləri paylanılır.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə mayın 22-də keçirilən mətbuat konfransında məlumat verib.

Şöbə müdiri qeyd edib ki, nazirliyin hədəflərinə nohur balıqçılığı (akvakultura) və marikulturanın inkişafı da daxildir: "Təbii və süni su hövzələrində sivil, müasir fermalar yaradılır, bununla bağlı dövlət proqramı hazırlanıb, balıqartırma müəssisələrinin daha effektiv işlənməsi üçün özəlləşdirilməsi işlərinə baxılır.

Tullantıların idarə olunması istiqamətində işlər görülür, əsasən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması üçün ölkə başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində ekoloji təbliğat, polietilen torbalardan istifadənin azaldılması, alternativ qablaşdırma materiallarına keçidin təşviq edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, tullantıların çeşidlənməsi üçün konteynerlərin yerləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Həmçinin atmosfer havasının çirklənməsinin, o cümlədən ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.

Ekoloji cəhətdən təmiz avtomobillərdən - elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən avtonəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi işləri aparılır. Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu, avtomobillərin təhlükəsiz istismarı, atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması, şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.