MƏDƏNİYYƏT


Xalça Muzeyində Əməkdar rəssam Aydın Rəcəbovun fərdi sərgisi açılıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Xalça Muzeyində Əməkdar rəssam Aydın Rəcəbovun 75 illiyinə həsr olunmuş “Ənənələrin gələcəyi” adlı fərdi sərgi açılıb.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova çıxış edərək sərgi barədə fikirlərini bölüşüb. Qeyd edib ki, sərgi Aydın Rəcəbovun son 20 il ərzindəki yaradıcılığının retrospektividir və rəssamın yaradıcılıq prosesini ilk rəsmdən başlayaraq hazır xalçaya qədər dinamikada izləməyə imkan yaradır. Muzey direktoru rəssamın Abşerona, onun təkrarolunmaz ab-havasına həsr olunmuş bir sıra əsərini xüsusilə vurğulayıb. O, həmçinin Xalça Muzeyi ilə uzunmüddətli və məhsuldar əməkdaşlığına görə Aydın Rəcəbova minnətdarlığını bildirib.

Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov rəssama Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış həyat və yaradıcılığından bəhs edən videoçarxı hədiyyə edib.

Xalq rəssamları Ağəli İbrahimov, Səlhab Məmmədov rəssamın çoxşaxəli yaradıcılığından söhbət açıblar. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov Aydın Rəcəbov ilə uzunmüddətli dostluq və əməkdaşlığından danışıb.

Qeyd edilib ki, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olan Aydın Rəcəbov haqlı olaraq tələbəlik illərində sənət sirlərini öyrəndiyi rəssam və tədqiqatçı Lətif Kərimov məktəbinin davamçısı sayılır. Eyni zamanda, onun yaradıcılığı xalça sənətinin ənənələrini və müasir istiqamətlərini özündə birləşdirir. Rəssamın yaratdığı xalçalar Azərbaycanın və xarici ölkələrin muzey və qalereyalarında qorunub saxlanılır.

Ornamental əsərlərində sənətkar ənənəvi türk-oğuz ornamental motivlərindən geniş istifadə edir. Yaratdığı bəzi süjetli xalçalarda orta əsr Azərbaycan miniatür sənətinin təsirini görmək mümkündür, digər əsərləri isə həndəsi stilizasiyası ilə seçilir.

Qeyd edilib ki, hazırkı sərgiyə son bir il ərzində rəssamın eskizləri əsasında toxunmuş altı xalça hazırlanıb. Ümumilikdə isə sərgidə Aydın Rəcəbovun eskizləri əsasında 20 xalça, iki xalça kəməri və iki çul, eyni zamanda, 23 xalça və onların eskizləri sərgilənir.

Sonda Əməkdar rəssam Aydın Rəcəbov çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.