DÜNYA


Avstriyada Avropa Parlamentinə keçirilən seçkilərdə Xalq Partiyası qalib gəlib

Vyana, 27 may, AZƏRTAC

Mayın 26-da Avstriyada Avropa Parlamentinə seçkilər keçirilib.

AZƏRTAC xəbər verir ki, səsvermənin ilkin nəticələrinə görə Avstriya Xalq Partiyası (ÖVP) seçkilərdə qələbə qazanıb. Federal kansler Sebastian Kurtsun rəhbərlik etdiyi bu partiya seçkilərdə 34,9 faiz səs toplayıb və 2014-cü il seçkiləri ilə müqayisədə 7,9 faiz çox səs toplayıb. Bununla da ÖVP Avropa Parlamentindəki mandatlarının sayını beşdən yeddiyə qaldırıb.

İkinci yerdə isə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) qərarlaşıb. Bu partiyaya seçicilərin 23,4 faizi rəğbət göstərib və mandat sayını (beş mandat) olduğu kimi qoruyub saxlaya bilib.

Video qalmaqalına görə istefa verən vitse-kansler Haynts-Kristian Ştraxenin mənsub olduğu Avstriya Azadlıq Partiyası (FPÖ) 17,2 faiz səs toplayıb (ötən seçkidən 2,5 faiz az) və Avropa Parlamentinə dörd deyil, üç nümayəndə göndərə biləcək.

Yaşıllar Partiyası isə 14 faiz səslə mandatların birini itirərək Avropa Parlamentində iki nümayəndə ilə təmsil olunacaq.

NEOS (Yeni Avstriya və Liberal Forum) partiyası isə 8,7 faizlə mandatın sayını dəyişməz saxlaya bilib (bir nümayəndə). Seçkilərdə iştirak edən digər partiyalar isə tələb olunan həddi keçə bilməyib.

Qeyd edək ki, səsvermənin yekun nəticəsi yaxın günlərdə məktub vasitəsilə verilən səslər sayıldıqdan sonra elan olunacaq.

Seçkilərdə ölkənin səsvermə hüququna malik 6,4 milyon nəfər əhalisinin 50,6 faizi iştirak edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.