SİYASƏT


Misirdə Respublika Gününə həsr olunmuş tədbir təşkil edilib

Qahirə, 27 may, AZƏRTAC

“Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin mərkəzində Respublika Gününə həsr olunmuş tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Misirdəki səfirliyinin əməkdaşları, Misirdə yaşayan azərbaycanlılar, burada təhsil alan tələbələr, diaspor mərkəzinin misirli və xarici tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən diaspor birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov iki ölkə arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, 1918-ci il mayın 28-də Azərbaycan xalqının müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaratdığını xüsusi qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verən diaspor sədri xalqımıza qarşı tarixboyu dəfələrlə soyqırımı törədildiyini diqqətə çatdıraraq, Azərbaycanın bütün bölgələrində cümhuriyyətin qurulması yolunda xalqımızın işğalçılara qarşı göstərdiyi igidlikdən də söhbət açıb. S.Nəsirov xalqımızın igid övladlarının dünyaya örnək olduğunu dəfələrlə ərəb mənbələrində və arxivlərdə rast gəldiyini də diqqətə çatdırıb.

Diaspor sədrin müavini Ceyhun Xəlilov çıxışında bu kimi tədbirlərin əhəmiyyətindən danışaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq sahəsində gənclərimizi sosial şəbəkələrdə daha fəal olmağa çağırıb.

Sonda tədbir iştirakçılarına Azərbaycanın ləziz yeməklərindən ibarət iftar süfrəsi açılıb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.