SİYASƏT


İsveçrə mətbuatı qaçqın problemindən yazıb

Bern, 17 iyun, AZƏRTAC

İsveçrənin www.zeitung.ch internet portalında 20 iyun – Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə müasir dünyada müharibə, dağıntı və ölümün hər gün çoxlu sayda insanın həyatına son qoyduğu, minlərlə insanın qaçqına çevrildiyi qeyd edilir. Bildirilir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, hazırda dünyada 68,5 milyon insan müxtəlif səbəblərdən öz doğma vətənini tərk etmək məcburiyyətində qalaraq, digər ölkələrə pənah aparıb.

Xüsusilə vurğulanır ki, ötən əsrin sonunda Azərbaycan ölkə əhalisinin sayına görə dünyada ən çox qaçqın və məcburi köçkünü olan ölkəyə çevrildi. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası və Dağlıq Qarabağ regionu, eləcə də onun ətrafındakı rayonların işğalı Azərbaycanda hər səkkiz nəfərdən birini qaçqın və məcburi köçkün statusu daşımağa məcbur edib.

Məqalədə Azərbaycandakı qaçqın və məcburi köçkün probleminin tarixi köklərinə də diqqət ayrılır. Qeyd edilir ki, hələ 1927-ci ildə Ermənistan paytaxtı Yerevan şəhərində əhalinin 70 faizi azərbaycanlılardan ibarət idi. İkinci Dünya müharibəsindən sonra bu ölkədə yaşayan 130 min azərbaycanlı kənd təsərrüfatına dəstək pərdəsi altında Azərbaycana deportasiya edildi, əvəzində isə Yaxın Şərq ölkələrindən təxminən 100 min erməni Ermənistana köçürüldü. Sovet İttifaqının süquta uğradığı dövrdə isə deportasiyanın son və daha amansız dalğası baş verdi, Ermənistanda yaşayan azərbaycanlılar son nəfərinədək ölkədən qovuldu. Azərbaycanın torpaqları hesabına ərazilərini 9 min kvadratkilometrdən 29 min kvadratkilometrədək genişləndirən Ermənistan ötən əsrin sonlarında işğalçı siyasətinin növbəti mərhələsinə qədəm qoydu.

Yekunda qeyd edilir ki, bu gün Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan BMT və digər beynəlxalq qurumların qəbul etdikləri qətnamə və qərarları icra etmir, öz ordusunu Azərbaycan torpaqlarından geri çəkmir və bu yolla da regionda sülh və dinc birgəyaşayışa qarşı təhlükə amili olaraq qalır. Bu ölkənin yürütdüyü siyasət nəticəsində qaçqın və məcburi köçkünlər öz torpaqlarına geri dönə bilmir, problemin həlli süni şəkildə yubadılır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.