ELM VƏ TƏHSİL


“University Foundation Center”də beşinci buraxılış gecəsi və sertifikatlar təqdim edilməsi mərasimi keçirilib

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də “University Foundation Center”in (UFC) ingilis, fransız və italyan departamentlərinin tələbələrinin beşinci buraxılış gecəsi və tələbələrə “Foundation” proqramının başa çatdırılması barədə sertifikatlar təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, UFC tələbələri orada təhsil proqramını uğurla başa çatdırandan sonra bakalavr və magistr dərəcələri almaq üçün özlərinin seçdikləri Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, İsveçrə, Almaniya və Kanada universitetlərinə qəbul ediliblər.

Gecəni giriş sözü ilə “University Foundation Center”in həmtəsisçisi Reyhan Hüseynova açıb. O, “Foundation” proqramının ingilis, fransız və italyan departamentlərinin tələbə və müəllimləri tərəfindən keçilmiş yolu qeyd edib, UFC-nin fəaliyyəti və gələcək planları barədə məlumat verib.

UFC rəhbəri qeyd edib ki, Fransada təhsil pulsuzdur, Böyük Britaniya universitetlərində isə fərqlənən tələbələrə maksimum məbləğdə təqaüd təyin edilib.

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, ötən 5 il ərzində “University Foundation Center” böyük uğurlar qazanıb. Diplomat ali məktəblərə qəbul olunmuş tələbələri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət yetirilir. Ölkəmizdə milli təhsil sistemi formalaşıb, lakin bununla bərabər bu sahədə dünya təcrübəsindən istifadə edirik. Ona görə “Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası” təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramı” çərçivəsində 3500-dən çox tələbə dünyanın aparıcı tədris müəssisələrində təhsil alıb.

“Foundation” UFC məzunlarının təltif edilməsi mərasimində Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez, Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerol Kroft, habelə Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Yohan Şeterer azərbaycanlı tələbələri hərtərəfli dəstəklədiklərinə görə diplomlarla təltif ediliblər.

UFC məzunları bir il ərzində akademik fransız və ingilis dilləri kursunu uğurla mənimsəyib, bu sahədə biliklərini imtahanlar və TСF/DELF, IELTS sertifikatları ilə təsdiqləyiblər. Buraxılış imtahanlarının yekunlarına əsasən məzunlar Study Skills, tarix, riyaziyyat, biznesin əsasları, fizika və informasiya texnologiyaları fənləri üzrə yüksək qiymətlərə layiq görülüblər.

UFC-də “Foundation” proqramının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada dərs deyənlər Böyük Britaniya, ABŞ, Fransa və İtaliya kimi ölkələrdən dilin daşıyıcıları olan yüksəkixtisaslı müəllimlərdir. Bu, tələbələrin təhsil aldığı ölkələrdə ilk dövrdə adaptasiya prosesini asanlaşdırmağa imkan verir. Bundan əlavə, hər bir tələbə seçdiyi kurs çərçivəsində Böyük Britaniya, ABŞ, Kanada, İtaliya, Fransa universitetlərinin müvafiq fakültələrində gələcək ixtisasları üzrə ilkin hazırlıq keçiblər.

Qeyd edək ki, “University Foundation Center” ilə yuxarıda adları çəkilən ölkələrin müxtəlif universitetləri arasında birbaşa sazişlər bağlanması sayəsində “Foundation” proqramının məzunları həmin universitetlərə qəbulu ilə bağlı mürəkkəb sənədləşdirmə prosedurundan azad edilirlər. Belə ki, “Foundation” proqramının tələbələri xarici ölkələrdə bakalavr və magistr dərəcəsi almaq məqsədilə həmin ölkələrdəki ali məktəblərə daxil olmaq üçün Azərbaycanı tərk etmədən hazırlıq keçirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.