ELM VƏ TƏHSİL


Neft-Kimya Prosesləri İnstitutunda elmi dərəcə və adların yeni qaydalarla verilməsi müzakirə edilib

Bakı, 18 iyun, AZƏRTAC

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi şurasının elmi dərəcələr və adların yeni qaydalar əsasında verilməsi ilə əlaqədar iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi şuranın sədri, akademik Vaqif Abbasov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) yeni əsasnaməsi haqqında məlumat verib.

Qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il iyunun 11-də “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb. Hər iki əsasnamə müasir tələblərə cavab verən, yüksəksəviyyəli elmi kadrlar hazırlanması üçün zəmin yaradan sənəddir. Dissertasiyaların müdafiəsi üçün əvvəllər mövcud olan bir sıra bürokratik qaydaların aradan qaldırılması, dissertasiya işlərinə qoyulan tələblərin nisbətən yüngülləşdirilməsi müdafiə edəcək insanları bir sıra çətinliklərdən azad edəcək. Eyni zamanda, müdafiə şuralarının üzərinə çox böyük məsuliyyət düşür. Müdafiə olunacaq işlərə aid elmi nəticələrin mötəbər elmi jurnallarda dərci, tək müəllifli əsərlərin olması, patentlərin xüsusi nəzərə alınması çox əhəmiyyətlidir.

Elmi adların verilməsi qaydaları da elmin inkişafına zəmin yaradan qaydalardır. Fikrimizcə bu qaydaların faydalılığının yüksək olması üçün elmi-tədqiqat mərkəzlərinin, ali təhsil müəssisələrinin rəhbərləri, elmi rəhbərlər müdafiə etmək və elmi dərəcə almaq istəyənlər üçün hüquq normaları çərçivəsində əlverişli inkişaf mühiti yaratmalıdırlar.

Müdafiə olunan hər bir elmi iş ciddi və nəzəri əsaslandırılmış elmi nəticələrə malik olmalıdır. Müdafiə edənlərin aldıqları elmi dərəcələrə, elmi adlara uyğun səviyyədə hazırlıqlı olmalarına diqqət yetirilməlidir.

Sonra əsasnamədəki yeniliklər, o cümlədən namizədlik və doktorluq dissertasiyalarına, eləcə də, dosent və professor elmi adının verilməsinə qoyulan tələblər barəsində geniş müzakirə aparılıb və həmin sənədlərin elm və təhsilin inkişafı üçün stimullaşdırıcı rolu qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.