REGİONLAR
İsmayıllıda bu il 100 min tondan çox taxıl istehsalı gözlənilir
İsmayıllı, 20 iyun, AZƏRTAC
İsmayıllı rayonunda taxıl biçini kampaniyasına başlanılıb və ilkin olaraq bölgənin cənub ərazilərində, o cümlədən Qubaxəllili, Gəraybəyli, Zərnava, Kürdmaşı və Kəlbənddəki zəmilərin məhsulu yığılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qısa vaxtda 1654 hektar arpa, 193 hektarda isə buğda biçilib. Səpin kampaniyasının vaxtında və keyfiyyətlə aparılması, məhsuldar toxumlardan istifadə olunması və yüksək aqrotexniki qulluq nəticəsində fermerlər, eləcə də fiziki şəxslər bol məhsul yetişdirməyə nail olublar. Elə bunun nəticəsidir ki, arpa zəmilərinin hər hektarında orta məhsuldarlıq 32 sentner, buğda sahələrində isə 36,5 sentnerdir. Hazırda bütün qüvvələr bu strateji məhsulun vaxtında və itkisiz yığılmasına cəlb olunub.
Mütəxəssislər builki mövsümdə rayonda 100 min tondan çox taxıl istehsal olunacağını proqnozlaşdırırlar.