REGİONLAR


“Xalq teatrlarının muxtar respublika festivalı – 2019” başa çatıb

Naxçıvan, 20 iyun, AZƏRTAC

Naxçıvanda keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı – 2019” başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalın bağlanış günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində teatrsevərlərə Babək Rayon Xalq Teatrının hazırladığı tamaşa təqdim olunub.

Tamaşadan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr uğurla icra edilir. Bunun ifadəsidir ki, muxtar respublikada xalq teatrlarının yaradılmasına və onların fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulmasına daim diqqət yetirilir, kollektiv üzvlərinin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər xalq teatrlarının fəaliyyəti yeni yaradıcılıq axtarışları ilə müşayiət olunur. Ötən illər ərzində bu teatrların səhnələşdirdikləri tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Nazir diqqətə çatdırıb ki, növbəti festivalda Naxçıvan Şəhər, Babək Rayon, Rza Təhmasib adına Şərur Rayon, Kazım Ziya adına Ordubad Rayon və Şahbuz Rayon Xalq teatrları olmaqla, beş kollektiv iştirak edib. Festival çərçivəsində müxtəlif müəlliflərin səhnə əsərləri teatrsevərlərə təqdim olunub.

Festivala çıxarılan tamaşaların muxtar respublikanın digər rayonlarında da göstərilməsi nəzərdə tutulur, – deyən nazir bildirib ki, son illər xalq teatrlarında çalışanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilməkdədir. Xalq teatrlarının aktyorları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına və Prezident mükafatlarına layiq görülürlər.

Nazir çıxışının sonunda mədəniyyətin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlığını bildirib, festivalda iştirak edən xalq teatrı kollektivlərinin üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb.

Nazir festivalda fəal iştirak etdiklərinə görə xalq teatrlarına Mədəniyyət Nazirliyinin Fəxri fərmanlarını təqdim edib.

Sonra Əfqan Əsgərovun “Qız atası” tamaşası göstərilib. Qeyd edək ki, “Qız atası” komediyası müəllifin ən yaxşı pyeslərindən biri olmaqla bərabər, teatrlarda daha çox oynanılan tamaşalardandır.

Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, musiqi tərtibatçısı Cabir Məmmədovdur.

Tamaşa maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.