İDMAN


Georgi Katulin: İkinci Avropa Oyunlarına hazırlıq zamanı Azərbaycanın təcrübəsindən yararlanmışıq

Minsk, 20 iyun, AZƏRTAC

Minskdə keçiriləcək ikinci Avropa Oyunları ilə bağlı hazırlıq işləri gərgin keçsə də, nəhəng tədbirə hazırlıq prosesi uğurla başa çatdırılıb. Belarus ilk dəfədir ki, belə səviyyəli, çoxfunksiyalı yarışa ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Belarus Milli Olimpiya Komitəsinin sədri, ikinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Georgi Katulin Minskə ezam olunan azərbaycanlı jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, ikinci Avropa Oyunlarına hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə olunub. Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilatçıları, o cümlədən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslərlə sıx müzakirələr aparılıb. Azərbaycanın bu sahədəki mütəxəssisləri Belarusda, ikinci Avropa Oyunlarının Təşkilat Komitəsində olub və təcrübələrini bölüşüblər.

G.Katulin vurğulayıb ki, II Avropa Oyunlarının açılış mərasiminin böyük məşqi artıq keçirilib. Atletlər Kəndində iştirakçı dövlətlərin bayraqlarının ucaldılması mərasimi də təşkil olunub.

Qeyd edək ki, II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmançılar 200 medal dəsti uğrunda yarışacaqlar. İdmanın 8 növü üzrə yarışlar “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunacaq.

Oyunlar zamanı Belarus paytaxtına 4 mindən çox idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar 650 beynəlxalq, həmçinin 410 yerli hakim tərəfindən idarə olunacaq.

Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidenti və baş katibi, qitə dövlətlərinin idman nazirləri, Avropa Olimpiya Komitəsinin mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, qitə ölkələrinin Milli Olimpiya komitələrinin prezidentləri və baş katibləri, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş nazirləri və yüksək vəzifəli şəxslərinin gəlməsi gözlənilir. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk Arena”, “Çijovka Arena” stadionlarında keçiriləcək.

Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanmaları və mənzil başına rahat çatmaları işinə Belarus paytaxtının turizm, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanıb. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınıb.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. “Bakı 2015”də komanda hesabında aktivində 164 medal olan Rusiya millisi birinci yeri tutub. Rusiyalı idmançılar 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) komanda hesabında ikinci yeri tutub. Birinci Avropa Oyunlarında Belarus yığması 43 medalla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.