SİYASƏT


Azərbaycanlı deputat avropalı həmkarlarını miqrant uşaqlarla bağlı xüsusi strategiya qəbul etməyə çağırıb

Strasburq, 27 iyun, AZƏRTAC 

2015-ci ildən Avropa İttifaqı İkinci Dünya müharibəsindən sonra Avropaya gələn ən çox qaçqın və köçkün axını ilə üzləşib. Bu vəziyyət Aİ-nin sığınacaq sistemində ciddi problemlərə gətirib çıxarıb. Bu gün daha yaxşı həyat axtarışında olan, həyatları təhlükə ilə üzləşmiş çoxlu sayda miqrant uşaq var. Onların əksəriyyəti Avropaya tək gəlib, ailələrindən ayrı düşüb. Onlar müharibədən, silahlı münaqişədən, insan hüquqlarının pozulmasından, aclıq və yoxsulluqdan qaçmaq üçün evlərini tərk edirlər. Sığınacaq axtaran uşaqların əksəriyyətinin oğlan olmasına baxmayaraq, qadın və qızlar üçün vəziyyət daha da acınacaqlıdır. Çox təəssüf ki, onlar gender əsaslı şiddətin müxtəlif formalarına məruz qalırlar. Uşaqların belə istismara məruz qalması insan hüquqlarının və əsas azadlıqların tam şəkildə pozulması deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” adlı məruzənin müzakirəsində qurumun Azad Demokratlar Qrupu adından çıxış edən nümayəndə heyətimizin üzvü Ülviyyə Ağayeva söyləyib.

Deputat bildirib ki, ailələrindən ayrılmaları, gələcəkləri ilə bağlı qeyri-müəyyənlik kimi amillər uşaqların psixoloji durumuna və fiziki rifahına mənfi təsir edərək onlarda emosional stress və narahatlıq hissi yaradır. Bunları nəzərə alaraq, parlamentarilər uşaqlara qarşı zorakılığın bütün formaları ilə mübarizə aparmaq, insan hüquqlarının geniş və hərtərəfli qorunmasını təmin etmək üçün ümumi strategiya qəbul etməlidirlər.

Ülviyyə Ağayeva qeyd edib ki, miqrant uşaqların qəbulu üçün bütün mümkün olan imkanların artırılması və müvafiq resursların ayrılması, təhsil almaq imkanının yaradılması, onların yerli şəraitə uyğunlaşdırılması, qorunması, sosial mühitə inteqrasiyası üçün şəraitin təmin edilməsi və onların inkişafına təminat verəcək strategiyaların qəbul edilməsi çox vacibdir. Bütün bu formal və qeyri-formal fəaliyyətlərin miqrant uşaqların müvafiq cəmiyyətə rahat şəkildə inteqrasiya etmələri üçün müsbət addım olar.

“Uşaqlar bizim gələcəyimizdir, onlar gələcək nəsillərdir. Ümid edirik ki, müfəssəl yanaşmamız mövcud vəziyyəti dəyişəcək və bu, uşaqların təhlükəsizliyini hərtərəfli təmin edəcək”, - deyə Ü.Ağayeva diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.