CƏMİYYƏT
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar başa çatıb
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi dairə seçki komissiyasında seçki hüquqlarına dair keçirilən üçgünlük ixtisaslaşdırılmış kurslar başa çatıb. Kurslar Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilib.
AZƏRTAC xəbər verir ki, kursların sonuncu günü – fevralın 21-də dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə “Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə MSK-nın fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib. O, dairə seçki komissiyalarının üzvləri, məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün təşkil olunan kursların səmərəli olduğunu söyləyib. Bildirib ki, kurslarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra və bələdiyyə qurumlarının rolu, onların komissiyalar ilə səmərəli əlaqələrinin qurulması mövzularına xüsusi yer ayrılıb. Q.Əhmədzadə deyib ki, 42 min 300 seçicisi olan dairənin ərazisində 32 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Aprelin 11-də keçiriləcək prezident seçkilərində 343 nəfər ilk dəfə səs verəcək.
Sonra Qaradağ rayon prokurorunun böyük köməkçisi Əfqan Qafarovun “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericilik aktları, normaları və məsuliyyət növləri” mövzusunda məruzəsi dinlənilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.