DÜNYA


“Taliban” silahlıları Əfqanıstanın mərkəzi əyalətində xəstəxanaları bağlayıblar

  Bakı, 17 iyul, AZƏRTAC

“Taliban” silahlıları Əfqanıstanın mərkəzindəki Maydan Vardak əyalətində xəstəxanaları və tibb mərkəzlərini bağlayıblar. AZƏRTAC xəbər verir ki, bunu Anadolu agentliyinə Əyalət Şurasının üzvü Şərifullah Horak bildirib. Onun sözlərinə görə, silahlıların nəzarətində olan bu əyalətin təcili müalicəyə ehtiyacı olan sakinləri yüzlərlə kilometr aralıda yerləşən paytaxt Kabildə və ya Qəzni əyalətindəki tibb müəssisələrinə getməli olurlar.

Əfqanıstan üzrə İsveç Komitəsi (SCA) humanitar yardım təşkilatının nümayəndəsi bildirib ki, bu anlaşılmaz insident nəticəsində əyalətdəki 42 tibb müəssisəsi fəaliyyətini dayandırıb. “Taliban” silahlılarının bu hərəkətini pisləyən humanitar təşkilat əlavə edib ki, tibbi yardıma ehtiyacı olan 5700 pasiyent köməksiz vəziyyətdə qalıb. SCA-nın ölkə üzrə direktoru Sonny Manson deyib ki, təşkilata məxsus olan tibb ocaqlarının da bağlanması və əhalinin səhiyyə xidmətindən məhrum olması insan hüquqlarına və beynəlxalq normalara ziddir. O əlavə edib: “Biz səhiyyə müəssisələrinin fəaliyyətinin dərhal bərpa olunmasını və tərəflər arasında münaqişənin dinc insanların həyatını riskə atmadan həll olunmasını tələb edirik”.

“Taliban” hərəkatı silahlılarının ötən həftə əyalətin Daymirdad rayonunda hökumətin təhlükəsizlik qüvvələrinə məxsus hospitala hücum etməsi nəticəsində dörd nəfər ölüb, bir adam isə hələ də itkindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.