DÜNYA


Avstriyanın iki federal əyaləti atom enerjisinə qarşı birgə mübarizə aparacaq

Vyana, 23 iyul, AZƏRTAC

Aşağı Avstriya əyalətinin qubernatoru Yohanna Mikl-Laytner və Yuxarı Avstriya əyalətinin qubernatoru Tomas Ştelser nüvə enerjisi ilə bağlı birgə müraciət qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, müraciətdə qonşu Çexiyada Temelin və Dukovani Atom Elektrik stansiyalarının (AES) genişləndirilməsi planlarına son qoymaq tələb edilir: “Sərhəd yaxınlığında atom qalıqları anbarı belə bizim üçün qəbuledilməzdir”.

Müraciətdə qeyd edilir ki, hər iki əyalətin rəhbərliyi 3,2 milyonluq əhalini təmsil edir və AES-lərin inkişaf planı narahatlıqla izlənilir. Avstriya Federal Kansleri Briqitte Birlayna ünvanlanan məktubda Yohanna Mikl-Laytner və Tomas Ştelser Federal Kansleri Temelin və Dukovani layihələrinin dayandırılması üçün təcili olaraq çex siyasətçiləri ilə danışıqlara başlamağa çağırıblar. Bununla yanaşı, Yohanna Mikl-Laytner qeyd edib ki, Kansler atom planlarına qarşı bütün hüquqi yolları nəzərdən keçirməlidir. İki qubernatorun birgə tərtib etdiyi ikinci məktub isə Çexiyanın Baş Naziri Andrey Babişə göndərilib.

T.Ştelser qeyd edib ki, federal əyalətlərin və ümumilikdə Avstriyanın mövqeyi bəllidir: “Biz cənab Babişi AES-lərin genişləndirilməsindən əl çəkməyə və bərpa olunan enerji mənbələrinə üstünlük verməyə dəvət edirik”. Hər iki qubernator bildirib ki, Yuxarı və Aşağı Avstriya əyalətləri istənilən halda AES-lərin genişləndirilməsinə qarşı mövqelərini bəyan etmək üçün bütün beynəlxalq hüquqi prosedurlarda iştirak edəcəklər. Çexiyanın Sənaye naziri Karel Havliçekin bir televiziya verilişində "Atom enerjisindən başqa yol yoxdur", deyə fikir bildirməsi hər iki federal əyalətdə həyəcan təbili çalınmasına rəvac verib. Mikl-Laytner və Ştelser bu səbəbdən Milli Şuraya seçkilər başlamadan "təhlükəli və məsuliyyətsiz atom enerjisi əldə etmə" işinə qarşı tədbirlər görülməsini istəyir.

Qeyd edək ki, 1978-ci ildə Avstriyada keçirilən referendumla bu ölkə nüvə enerjisinin istehsalından imtina edib. “Atomsuz” Avstriya, eyni zamanda, qonşu ölkələrdəki AES-lərlə bağlı tənqidi mövqedə dayanır, Çexiya, Slovakiya və Macarıstandakı AES-lərin bağlanması və ya ciddi nəzarətə götürülməsi üçün səyləri dəstəkləyir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.