CƏMİYYƏT
Binəqədi rayonunda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbiri keçirilib




Bakı, 7 avqust, AZƏRTAC
"Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Binəqədi rayonundakı Gənclər Evində "Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması" layihəsi çərçivəsində üçgünlük seminar-təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən Binəqədi rayon Gənclər Evinin direktoru Ələkbər Mustafayev ölkəmizdə narkomaniya ilə mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırılmasının Prezident İlham Əliyevin bu bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyindən irəli gəldiyini bildirib. Qeyd edib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyə olunması istiqamətində bundan sonra da rasional addımlar atılacaq.
Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmanla Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradıldığını xatırladan "Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliyinin sədri, layihə rəhbəri Vidadi Fətullayev ölkəmizdə beynəlxalq standartlara uyğun normativ milli hüquqi bazanın yaradıldığını diqqətə çatdırıb. O, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizinin işğalını davam etdirən Ermənistan həmin ərazilərdə narkotiklərin istehsal və tranzit bazasını yaratdığını, onun satışından əldə etdikləri gəlirləri yeni silahların alınmasına, terrorçu qrupların yaradılmasına və təliminə istiqamətləndirdiyini, bu işğalçı siyasətin həm region, həm də dünya üçün təhlükə mənbəyinə çevrildiyini vurğulayıb. QHT sədri layihəyə verdikləri dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Daha sonra layihənin eksperti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyevin keçirdiyi təlim iştirakçılar tərəfindən böyük diqqətlə dinlənilib və onlarla interaktiv söhbətlər aparılıb.
Sonra layihə iştirakçılarına təlim çap materialları və maarifləndirici bukletlər paylanılıb.
Avqustun 9-dək davam edəcək seminar-təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.