İQTİSADİYYAT
Yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dolları ötüb
Kiyev, 14 avqust, AZƏRTAC
Bu ilin yeddi ayında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 530 milyon dollara yaxın olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 147 milyon dollar çoxdur.
Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeddi ayda Azərbaycandan Ukraynaya 270,1 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 259 milyon dollar təşkil edib.
Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev