İDMAN


“Bney Yehuda”nın baş məşqçisi: "Neftçi"nin çox yaxşı oyunçuları var

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

İlk oyundakı çıxışımızdan razıyam. Xüsusən də ilk yarıdan. Amma çempionat başlamamışdan öncə bizə 3-4 yeni oyunçu lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis "Neftçi" ilə keçirəcəkləri UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, ilk matçın nəticəsinin nə dərəcədə uğurlu olduğunu sabah biləcəklər: “Çünki biz hələ bu mübarizənin birinci hissəsini oynamışıq. "Neftçi"nin çox yaxşı oyunçuları var, yaxşı komandadır. Rəqibin əsas üstünlüyü mövsümdə 6-cı matçlarına çıxmasıdır. Bizdə isə bu, yalnız ikinci oyundur".

İsrailli məşqçi əks-hücum taktikasını rəqibə uyğun qurduqlarını söyləyib: "Biz böyük qüvvə ilə hücuma çıxırdıq. Məqsəd ilk matçdakı nəticəni qorumaqdan ibarət olmayacaq, əksinə, doğma meydanda daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Təəssüf ki, ilk matçda 2:0 hesabı ilə öndə olduğumuz halda, üstünlüyümüzü qoruya bilmədik".

Abukasis heç vaxt 2:2 hesablı nəticəni yaxşı saymadığını da sözlərinə əlavə edib: "Qələbəni əldən verməyimizi yaxşı nəticə saymırıq. Bəlkə oyun 2:0 hesabı ilə bitsəydi, bunu üstünlük sayardıq. Bakıdakı oyunadək hesabın 2:2 olacağını desəydilər, bununla razılaşardıq".

Mütəxəssis daha çox gələcək haqqında danışmaq istədiyini vurğulayıb: "İlk növbədə, sabahkı oyunda qələbə qazanmalıyıq ki, növbəti mərhələyə adlayaq. "Neftçi"ni mübarizədən kənarlaşdırsaq, bu, bizim üçün böyük nəticə sayılacaq. Çünki ilk görüşədək hamı "Neftçi"ni favorit sayırdı".

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş heç-heçə nəticələnib - 2:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.