REGİONLAR


Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Bərdənin 9 kəndində suvarma sistemi bərpa edilib

Bərdə, 19 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən “Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası” layihəsi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Bərdə rayonunun Qaradəmirçi kəndində keçirilən mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

Mərasimdə çıxış edən səfir Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Əminliklə bildirib ki, layihə rayonda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfə verəcək.

Məlumat verilib ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı insan təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan üçün vacib olan təhsil, səhiyyə, yaşayış mühiti kimi sahələri prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələrini həyata keçirir. Proqram 2018-ci ilə qədər 141 ölkə və 1 bölgəni əhatə edib. Azərbaycan müstəqilliyini bərpa edəndən indiyə kimi Yaponiya hökuməti tərəfindən olunan yardımların ümumi dəyəri 1,1 milyard ABŞ dollarını ötüb.

Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası layihəsinin ümumi məbləği 82 min 719 ABŞ dollarıdır. Layihə Bərdə rayonunda “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində həyata keçirilən sayca 11-cidir. Bu vaxta qədər Azərbaycanda ümumi dəyəri 20 milyon ABŞ dolları olan 248 layihə üzrə qrant müqaviləsi imzalanıb.

Diqqətə çatdırılıb ki, yeni layihənin məqsədi Bərdənin 9 kəndində suvarma sistemini bərpa etməklə, kənd təsərrüfatının inkişafına töhfə verməkdir. Layihənin icrası nəticəsində rayonun 9 kəndində 329 ailəyə məxsus 453 hektar pay və həyətyanı torpaqların suvarma suyu ilə təminatı yaxşılaşacaq.

Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.

Sonra subartezian quyusu işə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.