İQTİSADİYYAT


Gömrük əməkdaşlarının xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində xüsusi təlimlərə başlanılıb

Bakı, 19 avqust, AZƏRTAC

Gömrük-sərhəd buraxılış məntəqələrində xidmət səviyyəsinin ən qabaqcıl beynəlxalq təcrübələrə, innovativ üsullara əsaslanan formada optimallaşdırılması, o cümlədən funksional idarəetmənin mütərəqqi metodlarının tətbiqi, ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində xidmət keçən əməkdaşlara xüsusi təlimlərin keçirilməsinə başlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 19-da başlanan təlimlərdə gömrükçülərə peşəkar psixoloqlar və mütəxəssislər tərəfindən vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması, eləcə də ünsiyyət prosesində müşahidə oluna bilən nöqsanlı halların neqativ təsirlərinin minimallaşdırılması istiqamətləri üzrə biliklər veriləcək və praktiki məşğələlər keçiriləcək.

Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına beynəlxalq hava limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşı cəlb olunub.

2 aylıq müddəti əhatə edəcək təlimlərdə “Müasir vətəndaş kimdir və nə istəyir”, “Yerli və xarici vətəndaşların ortaq və fərqli cəhətləri”, “Keyfiyyətli xidmət və vətəndaş məmnunluğu”, “Vətəndaşla münasibətlərin idarə olunması”, Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqları”, “Çətin vətəndaşlarla iş texnikaları və şikayətlərin idarə olunması”, “Qarşılama və özünü təqdim etmə bacarıqları”, “Xitabetmə, sualvermə, izahetmə və dinləmə texnikaları”, “Hiss və emosiyaların idarə olunması”, “Stresli və münaqişəli vəziyyətlərin idarə olunması”, “Qısa müddət ərzində pozitiv münasibətin qurulması bacarıqları”, “Ünsiyyət zamanı inandırma və təsiretmə texnikaları” adlı mövzular tədris olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.