MƏDƏNİYYƏT


Hörümçək-adam “Marvel” kino dünyasını tərk edə bilər

Bakı, 21 avqust, AZƏRTAC

“Sony” və “Disney” bundan sonra Hörümçək-adam filmləri üzərində işlərdə əməkdaşlıq etməyəcək.

AZƏRTAC “Deadline” nəşrinə istinadla xəbər verir ki, bu səbəbdən “Disney” studiyasına məxsus “Marvel” kinostudiyasının rəhbəri Kevin Fayqi gələcəkdə superqəhrəmanın iştirakı ilə yeni layihələrə prodüserlik etməyəcək, personajın özü isə bundan sonra “Marvel” kino dünyasında görünməyəcək.

Nəşrin məlumatına əsasən, studiyalar arasında münaqişəyə “Disney”in Hörümçək-adam barədə gələcək filmlərin maliyyələşməsinin 50 faizini öz üzərinə götürərək prokatdan gələn gəlirin yarısını əldə etməsi barədə tələbi səbəb olub. “Sony” kompaniyası isə öz növbəsində “Disney” studiyasının ilk gün əldə olunacaq gəlirin yalnız 5 faizinə, merçendayz satışından əldə olunan gəlirin isə hamısına sahib olması şərtinin saxlanılmasına çalışır.

Sonradan “Sony” kompaniyası bütün məsuliyyəti “Disney” studiyasının üzərinə qoyub. Kompaniyanın rəsmi bəyanatına əsasən, “Disney” studiyası Kevin Fayqiyə Hörümçək-adam barədə filmlər üzərində prodüser fəaliyyətini davam etdirməsinə icazə verməyib.

“Variety” nəşrinin məlumatına görə, kompaniyalar hələ sazişə nail ola bilərlər, lakin hazırda bu barədə danışıqlar aparılmır.

“Hörümçək-adam: Evdən uzaqlarda” “Marvel” kinostudiyasının iştirakı ilə superqəhrəman haqda çəkilən sonuncu filmdir. O, prokatlarda 1 milyard dollardan çox qazanc gətirib. Personajın filmlərdə istifadə hüquqları “Sony” kompaniyasına aiddir. Lakin 2015-ci ildə “Marvel” Hörümçək-adamın öz filmlərində istifadə olunması barədə razılıq əldə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.