ELM VƏ TƏHSİL


Torpaq muzeyində saxlanılan nümunələr genetik ehtiyatların öyrənilməsində vacib rol oynayır

Bakı, 12 sentyabr, AZƏRTAC

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində Torpaq muzeyi fəaliyyət göstərir. Muzey institutun Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının nəzdində 2003-cü ildə təşkil olunub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev AZƏRTAC-a bildirib ki, muzeyin yaradılmasında əsas məqsəd torpaq nümunələrinin, süxurlarının, monolitlərinin yığılması və saxlanılmasından, torpaqşünaslıq və aqrokimya elminin son 70 ildə olan nailiyyətlərini sistemləşdirmək və nümayiş etdirməkdən ibarətdir. Ölkədə mövcud olan bioloji müxtəlifliyin genefonduna aid məlumat bazasının dünya standartları səviyyəsində sənədləşdirilməsi (pasportlaşdırılması), bioloji genetik ehtiyatların qorunması və bərpası məsələsinin ciddi şəkildə qoyulması Azərbaycan torpaqşünaslıq elmində yeni bir istiqamətin əsasını müəyyən edir.

Əlövsət Quliyev deyib ki, muzey respublikamızın bütün torpaq–iqlim zonalarını əhatə edən 50-dək torpaq monoliti əsasında yaradılıb. Torpaq monolitlərinin əksəriyyəti 1974-cü ildə dünya torpaqşünaslarının X qurultayına hazırlıq məqsədilə mərhum akademik Həsən Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə toplanıb. Bu monolitlər və onların morfogenetik diaqnostikası respublikamızın torpaq örtüyünün qızıl fondu olub, genetik ehtiyatların öyrənilməsində, pasportlaşdırılmasında və bərpasında vacib rol oynayır.

İnstitutun direktoru qeyd edib ki, Torpaq muzeyinin qarşısında qoyulmuş əsas istiqamət Azərbaycanın qədim və müasir torpaq və su sərvətləri barədə məlumatı geniş ziyalı kütləsinə çatdırmaqdır. Muzeydə elmi əsərlər, müxtəlif miqyaslı xəritələr, minerallar, uzun bir tarixi dövr ərzində institut əməkdaşlarının zəhməti sayəsində toplanmış bitki, torpaq nümunələri, əldə etdikləri müəlliflik şəhadətnamələri, diplomları və s. saxlanılır. Müxtəlif illəri əhatə edən bu zəngin materialların elmi araşdırmalar, xüsusən müqayisəli monitorinq aparmaq üçün böyük əhəmiyyəti var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.