ELM VƏ TƏHSİL
“Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda II beynəlxalq seminar işinə başlayıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Neft və Qaz İnstitutu (NQİ), M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Oslo Universitetinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda II beynəlxalq elmi seminar işinə başlayıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminar Neft və Qaz İnstitutu, MDU və Oslo Universiteti arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən keçirilir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, NQİ-nin direktoru, akademik İbrahim Quliyev, elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, Norveç, Rusiya, Çexiya, İtaliya, Almaniya, ABŞ və ölkəmizdə bu sahədə tədqiqat aparan alimlər iştirak ediblər.
Seminarı NQİ-nin elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. O, Azərbaycanın palçıq vulkanları ilə zəngin olduğunu və seminarın bu sahədə aparılan tədqiqatların inkişafına, o cümlədən ölkəmizin təbii sərvətlərinin dünyada tanıdılmasına təkan verəcəyini söyləyib.
Tədbirdə Oslo Universitetinin Yer elmləri departamentinin əməkdaşı, fəlsəfə doktoru Adriano Mazzininin “Palçıq vulkanlarının ümumi icmalı”, Moskva Dövlət Universitetinin əməkdaşı Qriqori Axmanovun “Avropa ərazisində palçıq vulkanları və palçıq brekçiyasının stratiqrafik bərpası”, İtaliya Milli Tədqiqat Şurasının (CNR) nümayəndəsi Luka Qasperinin “Aktiv kəsiklər, dəniz səviyyəsindəki kəsiklər və İrmit körfəzində (Mərmərə dənizi) palçıq vulkanizmi” və AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın “Azərbaycanda seysmiklik və onun palçıq vulkanlarına təsiri” mövzularında məruzələri dinlənilib.
Sentyabrın 16-dək davam edəcək seminar çərçivəsində iştirakçıların Daşgil, Qoturdağ, Lökbatan, Axtarma-Paşalı palçıq vulkanlarına, o cümlədən Yanardağa ekskursiyaları və praktiki sahə təlimləri nəzərdə tutulur.