CƏMİYYƏT
Aztəminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatları hədiyyə edilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən sentyabrın 12-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) inzibati binasında 2019-2020-ci tədris ilində ilk dəfə məktəbə gedəcək aztəminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası və sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılmasından ibarətdir.
Baş İdarənin rəisi Raqif Abbasov ilk dəfə məktəbə gedəcək bütün uşaqları Gənclər və İdman naziri Azad Rəhimovun adından salamlayıb, onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb. R.Abbasov bildirib ki, bu cür tədbirlər artıq ənənəyə çevrilib. Uşaqların bütün sahələrdə inkişafını təmin etmək üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb.
Sonra paytaxtın 11 inzibati rayonu üzrə ilk dəfə məktəbə gedəcək uşaqlara məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edilib.
Valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.