MƏDƏNİYYƏT


Milli Kitabxanada “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” adlı kitab sərgisi açılıb

Baskı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” adlı kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından öncə Milli Kitabxananın direktoru Kərim Tahirov görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olan Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. Universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. İyirmi yeddi yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib. Qeyd edilib ki, onun dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların uğurunu şərtləndirən əsas amillər idi. Aida xanım elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirib. O, rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib. Vurğulanıb ki, Aida xanım ərəb mühacir ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçısı sayılırdı. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər.

“Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsi olub. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti bu gün dövlətimiz və dövlətçiliyimiz üçün çoxsaylı işlər görür”, -deyə K. Tahirov söyləyib.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edilib ki, Aida xanımın həyatdan vaxtsız gedişi hamı üçün gözlənilməz oldu. Buna baxmayaraq, özünəməxsus ideyaya və onu ifadə etmək qabiliyyətinə, elmi düşüncəyə malik görkəmli alimimiz yaddaşlarda əbədi yaşayır.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.