MƏDƏNİYYƏT


“Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski” adlı tədbir təşkil edilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı Badamdar qəsəbə Mədəniyyət evi ilə birgə “Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski” adlı tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, kitabxana və mədəniyyət evinin kollektivi iştirak ediblər.

Tədbirdə Hüseynqulu Sarabskinin həyat və səhnə yaradıcılığı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Hüseynqulu Sarabski XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan sənətkarlardandır. Professional musiqi teatrının banilərindən biri olan Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. Sənətə dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından başlayan sənətkar bütün ömrünü bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. Səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.

Bildirilib ki, görkəmli sənətkarın Sarabski təxəllüsünü götürməsinin maraqlı tarixçəsi var. 12 yaşında olarkən ilk dəfə həvəskarların ifasında “Xan Sarabi” adı ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri xani Lənkəran” komediyasına baxır. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü Sarabski də tamaşadan aldığı güclü təəssüratla bağlıdır. Hüseynqulu Sarabski, həmçinin bir sıra publisistik əsərlərin müəllifidir. Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələri “Köhnə Bakı” kitabında öz əksini tapıb.

Sonda tədbir iştirakçılarına sənətkara həsr olunan slayd-şou təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.