MƏDƏNİYYƏT


Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunub

Bakı, 10 oktyabr, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğunda Avropa Qayaüstü İncəsənəti Günü çərçivəsində məktəblilər üçün “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı “Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən elan olunmuş məktəbli uşaqlar arasında “İlk avropalıların incəsənəti gələcək avropalıların gözü ilə” adlı ümumavropa rəsm müsabiqəsi də təşkil olunub.

Müsabiqədə iştirak edən məktəblilər Qobustan muzeyi və qayaüstü rəsmləri ilə tanış olmaq, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləmək imkanı qazanıblar. Sonda uşaqlar ekskursiya müddətində gördükləri və mütəxəssislərdən eşitdikləri məlumatlar əsasında rəsmlər çəkiblər. Müsabiqədə 6-14 yaşlı uşaqlar iştirak edib. Müsabiqənin sonunda peşəkar rəssamlar tərəfindən seçilən işlər ümumavropa müsabiqəsində Qobustan Milli Tarix-Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək. Seçilmiş işlər İspaniyada təşkil olunacaq sərgidə və nəşr olunacaq kataloqda öz əksini tapacaq.

Qeyd edək ki, 1902-ci il oktyabrın 9-da görkəmli fransız arxeoloqu Emil Kartailak ispan həmkarı Marcelino Sanz de Sautuolanın qızı Mariyaya yazdığı məktubda onun atası tərəfindən aşkar olunmuş Altamira mağarasındakı qayaüstü təsvirlərin qədimliyinə şübhə ilə yanaşmasının səhv olduğunu etiraf edib.

Bu münasibətlə Avropa Şurası Mədəni Marşrutlar İnstitutunun “Prehistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutu tərəfindən etiraf məktubunun yazıldığı 9 oktyabr tarixinin Avropa Qayaüstü İncəsənəti Günü kimi qeyd olunması qərara alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.