İDMAN
Formula 1 Yaponiya Qran-Prisi təsnifatının ehtimal edilən ləğvi barədə qərar cümə gününədək təxirə salınıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Formula 1 çempionatının təşkilatçıları “Hagibis” tufanının yaxınlaşması ilə bağlı Yaponiya Qran-Prisinin cədvəlinə dəyişikliklərin edilib-edilməyəcəyi barədə sabah, oktyabrın 11-də elan edəcəklər.
AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, qərar yerli hakimiyyət orqanlarının mövqeyindən asılı olacaq. Onlar həyat üçün təhlükənin azaldılması məqsədilə avtodromun bağlanmasının vacibliyini və insanlardan evlərini tərk etməmələri barədə xahiş olunmasını müəyyən etməlidirlər.
Əgər hakimiyyət orqanları heç bir tədbir görməzsə, o zaman Formula 1 təşkilatçıları şənbə gününün cədvəlinin ilkin variantından kənara çıxmamağa çalışacaqlar. Yəni məşqlərə 12.00-da, təsnifata isə yerli vaxtla 15.00-da başlayacaqlar.
Küləyin ən yüksək hədd göstəricilərinin saatda 160 kilometr təşkil edəcəyi gözlənilir.
Daha əvvəl 2004-cü və 2010-cu illərdə Yaponiya Qran-Prisinin təsnifatının keçirilməsi fırtına ucbatından yerli vaxtla ertəsi günün səhərinə dəyişdirilib.