İQTİSADİYYAT
“Petkim”ə yatırılan əlavə investisiyalar 1 milyard dollara çatıb
İzmir, 10 oktyabr, AZƏRTAC
2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov oktyabrın 10-da keçirdiyi mətbuat konfransında deyib.
A.Məmmədov qeyd edib ki, Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7 faiz böyüyür. Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 20 faizini təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur.
O əlavə edib ki, “Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsul kiçik və orta müəssisələr də daxil olmaqla 6000 istehsalçı tərəfindən istifadə olunur. Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon türk lirəsi həcmində mənfəətlə başa vurub. Bu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi bütün dövrlərin ən böyük məhsuldarlığını nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin birinci yarısında “Petkim” 5,9 milyard lirə gəlir, 439 milyon lirə xalis mənfəət əldə edib. Altı ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 890 milyon lirəyə çatıb.