MƏDƏNİYYƏT


“NUR Art House” sənət məbədində “Macar qobelen rəssamları” Assosiasiyasının nümayəndə heyəti ilə görüş təşkil edilib

Bakı, 10 oktyabr, AZƏRTAC

“NUR Art House” sənət ocağında “Macar qobelen rəssamları” Assosiasiyasının tekstil üzrə mütəxəssisləri Eszter Kneisz, Livia Papai, Ida Lencses, Edit Lazarne Balogh və Kozsuharov Ognjan ilə “Azərbaycan xalçaçıları” İctimai Birliyi üzvlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı qonaqlar qalereyanın ekspozisiyası ilə tanış olub, onlara Azərbaycan xalça sənətinin tarixi haqqında məlumat verilib. Görüşdə Azərbaycan xalça mərkəzlərindən bəhs edilən zaman Qarabağ xalça mərkəzinin özəllikləri üzərində xüsusilə dayanılıb, UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının Hökumətlərarası Komitəsinin QHT Forumunun üzvü kimi “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sənətin yaşadılması, xüsusilə işğal altında olan Qarabağdan məcburi köçkün düşmüş qaçqınlar arasında xalçaçılıq ənənələrinin dirçəldilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. İctimai Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Qarabağdan olan məcburi köçkün qadınlara xalçaçılıq kurslarının təşkil edilməsi” layihəsi çərçivəsində Qarabağın “Şəddə” və “Dəstərxan” xovsuz xalçalarının toxunma üsulları nümayəndə heyətinə əyani şəkildə nümayiş olunub, hər xalçanın daşıdığı məna yükü, onların etnoqrafik dəyəri qonaqlara izah edilib. Həm İctimai Birliyin, həm də qalereyanın mədəni irsimizin qorunub saxlanılması, yaşadılması və tanıtımı sahəsində geniş fəaliyyət göstərərək bunu əsas missiyaları hesab etdikləri vurğulanıb.

Daha sonra qonaqlarla tarixi Böyük İpək Yolunun toxuculuq sənətinin inkişafına, mədəniyyətlərarası mübadilənin isə incəsənətə təsiri ətrafında müzakirələr aparılıb.

Qonaqlar Assosiasiyanın 1996-cı ildən fəaliyyət göstərdiyini, Macarıstanla yanaşı, Belçika, Fransa, İsveçrə və Rumıniyadan 80 üzvü ətrafında birləşdirdiyini, öz ölkələrində və onun hüdudlarından kənarda yüzlərlə müxtəlif beynəlxalq miqyaslı tədbirlər təşkil etdiyini bildiriblər. Bundan başqa Assosiasiya 2000, 2005 və 2017-ci illərdə Budapeştdə ”Qobelen” beynəlxalq sərgisini təşkil edib. Rəssamlar müxtəlif üslub və istiqamətləri təmsil edirlər. Onlar, həmçinin tələbələrə toxuculuq sənətinin sirlərini öyrədirlər. Assosiasiya daim yaşayan, lakin forma, ifadə vasitələri və dəyərləri dəyişən ənənəvi qobelen texnikasının təmsilçisidir. Qobelen üzrə rəssamlar yeni materiallarla eksperimentlər edərək, köhnə texnikaları dirçəldirlər.

Qonaqlar bildirdilər ki, Assosiasiyanın nümayəndə heyətinin Azərbaycan Xalça Muzeyində “İplər vasitəsilə harmoniya” adlı sərgisi açılıb. Sərgidə ənənəvi toxuculuq məmulatları ilə yanaşı, sənətkar təxəyyülünün, arzularının ifadəsi olan, mədəni müxtəliflikdən bəhrələnərək yaradılan əsərlər nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.