İQTİSADİYYAT


Metronun “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabr ayının 8-də “Bakı Metropoliteni” QSC tərəfindən “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Argentina Respublikasının Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunelya, xidmət şöbəsinin rəisi Lalə Babayeva və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirakçıları və qonaqları salamlayaraq, onlara xoş istirahətlər arzulayıblar.

Səfir Qunelya Bakı Metropoliteni tərəfindən keçirilən bu tədbirin iki ölkə arasında mədəni, sosial əlaqələrin möhkəmləndirilməsi və inkişafı, həmçinin ecazkar tanqo rəqsinin təbliği baxımından çox əhəmiyyətli bir sosialyönümlü layihə olduğunu bildirib. O, Argentinadan gələcək ulduz rəqs ustalarının iştirakı ilə Bakıda böyük tanqo festivalı ərəfəsində bu tədbirin metro stansiyasında keçirilməsinə yaratdığı şəraitə görə Səhmdar Cəmiyyətin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Lalə Babayeva tanqonun Azərbaycanda sevildiyini qeyd edərək, Bakı metropolitenində təşkil edilən sosialyönümlü tədbirlər sırasında bu layihənin də xüsusi yer tutacağını qeyd edib.

Bəxtiyar Məmmədov Bakı metropoliteni işçilərinin peşə bayramı günündə belə bir təşəbbüslə çıxış edərək, sərnişinlərə ecazkar tanqo sədaları və rəqqasların iştirakı ilə musiqili anlar bəxş etdiyi üçün Argentinanın Azərbaycandakı səfirliyinə təşəkkürünü ifadə edib. O qeyd edib ki, son bir ildə “United Cultures” təşkilatının dəstəyi ilə keçirilən bu sosialyönümlü aksiyalar dünyada xalqların, mədəniyyətlərin inteqrasiyasına bir töhfədir.

Qeyd edək ki, noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində metro stansiyada keçirilən tanqo şousu tamaşaçıların böyük marağına səbəb olub.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master-klasslar da təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.