SİYASƏT


Ankarada geniş bir ərazidə Xocalı parkı salınır

Ankara, 13 noyabr, AZƏRTAC

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi (TMCD) Xocalı soyqırımı ilə bağlı daha bir tarixi layihəyə imza atıb.

AZƏRTAC xəbər verir ki, Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) ilə Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi arasında imzalanan anlaşmaya əsasən, YBU ərazisində Xocalı adına park və şəhidlərimizin xatirəsinə abidə ucaldılır.

Noyabrın 16-da Ankarada bu layihənin, eləcə də www.hocalisoykirimi.org  saytının və “Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” kitabının təqdimatı keçiriləcək. Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi tərəfindən təşkil olunan təqdimata Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, millət vəkilləri, tarixçi-alimlər, QHT və KİV təmsilçiləri dəvət olunublar. TMCD-dən verilən məlumata görə, Ankarada tikintisi başlanan Xocalı Parkı 1.5 hektar ərazini əhatə edir. Parkın və orda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidə nadir memarlıq üslubunda layihələşdirilib. Qurumun rəhbəri Əhməd Baba bildirib ki, Xocalı parkı olaraq bu ərazinin seçilməsində məqsəd Türkiyənin ən qocaman təhsil ocaqlarından olan YBU-nun tələbələrinin gündəlik yaddaşında Xocalı soyqırımının acılarını yaşatmaqdır ki, gənclərimiz hər zaman tarixdə baş verən dəhşətlərdən ibrət alsınlar.

Qeyd edək ki, Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi qardaş Türkiyədə Xocalı soyqırımı ilə bağlı davamlı olaraq konfrans və digər təyinatlı tədbirlər keçirən qeyri-hökumət təşkilatları sırasında öndə gedir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.