REGİONLAR


Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək

Bakı, 18 noyabr, AZƏRTAC

Muxtar respublikada energetika sahəsində böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, muxtar respublikada su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət alıb. Hazırda uzun illər üzərində işlənilən və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə məlumat verərək bildirib ki, əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Bunun da 6-sı bərpaolunan enerji sistemləridir: “Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edibdir. Buna görə bu sahədə də Sizin qayğınızla işlər davam etdirilir, problem yoxdur. Ordubad Su Elektrik Stansiyası ilə bağlı Araz çayının bizim əraziyə tərəf hissəsində bənd tikilibdir, qapılar qoyulubdur, kanalda işlər davam etdirilir. İran İslam Respublikası ilə danışıqlar aparılır ki, o tərəfdən də bəndin tikintisi ilə bağlı işlərə başlanılsın. Vəsait ayırıbsınız, heç bir problem yoxdur, işlər davam etdirilir”.

Görülən işləri tarixi nailiyyət adlandıran Prezident İlham Əliyev deyib: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.